...

Ombudsman əməkdaşları Sabunçu və Suraxanı rayon polis idarələrində araşdırma aparıb

Cəmiyyət Materials 10 Mart 2016 13:34 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sabunçu və Suraxanı rayon polis idarələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.
Ombudsman əməkdaşları Sabunçu və Suraxanı rayon polis idarələrində araşdırma aparıb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sabunçu və Suraxanı rayon polis idarələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, MSY-lərin bütün kameralarına baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilib.

MSY-lərdə saxlanılan, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs olunmuş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılmış, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuş, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Yekunda MSY-nin rəhbərliyinə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti