...

Səhiyyə Nazirliyində yeni xidmət yaradıldı

Cəmiyyət Materials 17 Mart 2016 12:32 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.
Səhiyyə Nazirliyində yeni xidmət yaradıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

Trend-in məlumatına görə, xidmətin açılış mərasimində çıxış edən mərkəzin Lisenziyalaşdırma və akkreditasiya şöbəsinin müdir müavini İsa Əliyev bildirib ki, xidmətin yaradılmasında məqsəd Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılmasına dəstək vermək, sahibkarların və vətəndaşların müraciətlərinə baxılması işinin sadələşdirilməsi və şəffaflığı təmin etməkdir. Mərkəzin fəalliyyət istiqamətləri üzrə bir sıra tədbirlərin həyata keçirilməsi, о cümlədən sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və cavablandırılmasının təmin edilməsi, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin verilməsi, qeydiyyat sənədlərinin qəbulu və təqdim edilməsi, habelə şikayət və sorğuların qəbulu və cavablandırılması "bir pəncərə prinsipi" ilə fəaliyyət göstərəcək yeni xidmətə həvalə olunub.

İ.Əliyev bildirib ki, xidmətdə müraciətlərlə bağlı sənədlər və vətəndaş müraciətləri bir bölmə üzrə qəbul edilərək elektron qaydada qeydiyyata alınacaq, aidiyyatı şöbələrə yönəldiləcək: "Eyni zamanda, dərman nümunələrinin qəbulu üçün xüsusi bölmə yaradılıb. Bütün müraciətlərlə bağlı cavablar bir bölmədən əldə edilir. Mərkəzdə bir sıra xidmətlər ödənişli əsaslarla həyata keçirildiyinə görə ödənişlərin aparılması məqsədi ilə ayrıca bölmə də yaradılıb. Vətəndaşlar üçün müraciətlərin qəbulu və cavablandırılması oxşar ardıcıllıqla həyata keçirilir. Şifahi sorğuların cavablandırılması məqsədilə aidiyyatı şöbələrin səlahiyyətli şəxsləri ilə birbaşa əlaqənin təmin edilməsi üçün daxili telefon xidməti mövcuddur.
Eyni zamanda, vətəndaşların və sahibkarların rahatlığı üçün zəruri normativ-hüquqi aktlar, sənədlərin siyahısı və nümunələrini əks etdirən guşə də yaradılıb".

İ.Əliyev qeyd edib ki, AEM-in yenilənməkdə olan internet səhifəsi vasitəsilə gələcəkdə vətəndaşlara və sahibkarlara elektron qaydada müraciət imkanı yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti