Bakı. İlhamə İsabalayeva - Trend:
Dünən və bu gün Bakıda müşahidə edilən hava şəraiti anomal hesab edilməsə də, temperatur iqlim normasından 3-6 dərəcə yüksəkdir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Hazırkı temperaturun aprel ayı üçün xarakterik olduğunu deyən A.Verdiyev qeyd edib ki, son 20 ildə aprel ayında ən yüksək temperatur 1994, 1998 və 2012-ci ildə olub. Həmin illərdə aprel ayında ayrı-ayrı günlərdə havanın temperaturu 31,5 dərəcə olub. Son 20 ildə ən isti aprel ayı isə 2012-ci ildə müşahidə edilib.
Bu ilki aprel ayına gəldikdə isə A.Verdiyev deyib ki, bu il aprel ayında havanın temperaturunun iqlim nromasına yaxın, ayrı-ayrı günlərəd isə iqlim normasından yüksək olacağı gözlənilirdi və həmin proqnozlara uyğun olaraq da, ayrı-ayrı günlərdə normadan yüksək temperaturlar müşahidə edilib.