...

56 müəssisə 267 boş iş yeri təqdim edir (FOTO)

Cəmiyyət Materials 14 İyun 2016 14:32 (UTC +04:00)
56 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tədbir iştirakçılarına təqdim edilib.
56 müəssisə 267 boş iş yeri təqdim edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbirini Odlar Yurdu Universitetində təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, habelə tələbə və məzunların əmək bazarına inteqrasiyasına şərait yaradılması yönündə görülən işlərdən bəhs olunub. Bildirilib ki, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün "Karyerada ilk addım" devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri həmin gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib.

Bu tədbirlər tələbələrə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlara malik olduqları qabiliyyət və bacarıqlarını işəgötürənlərə təqdim edə bilmələri və gələcək karyeralarında ilk addımlarını atmaları üçün şərait yaradılmasına hesablanıb. İşəgötürənlərin də bu aktiv məşğulluq tədbirlərində fəal iştirakı təmin edilir və onlar gənclər arasından ixtisaslı kadr seçmək imkanı qazanırlar.

"Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin cari ildə də davam etdirildiyi, bu ilin ötən dövründə artıq Bakı, Sumqayıt, Gəncə şəhərlərində yerləşən 6 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Tədbirdə tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda ixtisaslarına olan tələbat barədə ətraflı məlumat əldə ediblər. Onlar işəgötürənlərlə ilkin əlaqələr qurub, öz ixtisas, bilik və bacarıqları, şəxsi keyfiyyətləri və s. barədə onlara şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Bununla yanaşı, 8-i dövlət, 48-i özəl sektora aid ümumilikdə 56 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri də tədbir iştirakçılarına təqdim edilib. Vakant iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslər əlavə təhsil kurslarına cəlb olunub. Bakı Əmək Birjasının da təmsil olunduğu tədbirdə müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb.

İl ərzində respublikamızın digər ali təhsil ocaqlarında da aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti