...

Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə olub (FOTO)

Cəmiyyət Materials 30 İyun 2016 17:23 (UTC +04:00)
Binəqədi rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə olub (FOTO)

Bakı. Trend:

İyunun 30-da “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda Bakı şəhərinin Binəqədi, Xətai və Nizami Rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yerli Strukturlarının rəhbərlərinin iştirakı ilə Binəqədi rayonunda seminar- müşavirə keçirilib.

Binəqədi rayonu İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, keçirilən seminar – müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov, Nizami RİH başçısının müavini Gülnaz İsrafilova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri, Binəqədi RİH başçısı Aparatının şöbə müdirləri, Xətai və Nizami Rayon İcra Hakimiyyətlərinin aidiyyəti məsul əməkdaşları, Binəqədi, Xətai və Nizami rayonlarının hüquq- mühafizə orqanlarının (Polis, Prokurorluq, Məhkəmə və DTX) rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, dini icma nümayəndələri, ASAN Könüllüləri və fəal gənclər iştirak etmişdirlər.

Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısında yerləşən Ümummili Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Seminardan öncə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə istehsal olunan “Fitnə” filmi nümayiş edilmişdir.

Daha sonra “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar- müşavirə başlamışdır. Müşavirəni Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq toplantı iştirakçılarını salamlamış və seminar-müşavirənin proqramı haqqında geniş məlumat vermişdir.

Daha sonra seminar-müşavirədə çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Dövlət Komitəsinin sədr müavini diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Natiq bildirib ki, din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilib. DQİDK-nın sədr müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə məlumat verərək qeyd edib ki, filmdə dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. Respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Dini radikalizm və onun fəsadlarına qarşı dövlətimiz tərəfindən aparılan tədbirləri haqqında danışan hər iki natiq ekstremizmə qarşı mübarizə üzrə qanunvericilik bazasının mövcudluğu və onun təkmilləşdirilməsi üçün müvafiq işlərin görüldüyü vurğulayıb, qanun pozuntularına yol vermiş şəxslərin cəzasız qalmayacaqları və məsuliyyətə cəlb ediləcəklərini bildiriblər.

Qafqaz Müsəlmanları İdərəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şabala Əliməmmədov bildirmişdir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.

Seminar – müşavirəni yekun nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekunlaşdırmışdır. Natiq çıxışında bildirmişdir ki, dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Əsrlərdir Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşamış və dini zəmində heç bir qarşıdurma mövcud olmamışdır. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətinin, adət-ənənəsinin, mentalitetinin və milli dəyərlərinin qoruması önə çəkilir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Multikulturalizm ili" çərçivəsində yanvarın 15-də Binəqədi rayonu ərazisində yerləşən Heydər məscidində cümə namazı qılınmışdır. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar etmişdir.

Natiq çıxışının yekununda qeyd etmişdir ki, Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət- din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulmuşdur. Azərbaycanda din-dövlət, dini kimlik- milli kimlik əlaqələri dünyəvilik prinsipi ilə tənzimlənmişdir. Bu təməlin qorunması istiqamətində hər birimiz həmrəy olmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti