...

143 vəzifəli şəxs barəsində 100 cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 15 İyul 2016 11:15 (UTC +04:00)
2016-cı ilin I yarısı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib
143 vəzifəli şəxs barəsində 100 cinayət işi məhkəməyə göndərilib

Bakı. Samir Əli - Trend:

2016-cı ilin I yarısı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Tədbiri giriş sözü ilə açan K.Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla həyata keçirilib.

K.Əliyev xüsusi qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dır. Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı 19 may 2016-cı il tarixdə Baş prokuror tərəfindən təsdiq edilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində parlamentin rolu, səmərəli antikorrupsiya qanunvericiliyinin formalaşdırılması üçün həyata keçirilən tədbirlər, bu məqsədlə müzakirə edilən qanun layihələri, habelə İdarə Heyətinin üzvü olduğu Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyəti və həmin qurumun ölkəmizlə ikitərəfli əlaqələri barədə ətraflı məlumat verib.

Bundan başqa, tədbirdə iştirak edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsini icra edən Kamal Cəfərov bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə daha böyük korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində dövlət orqanları, o cümlədən prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub.

K.Cəfərov həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

K.Əliyev sonra bildirib ki, qeyd edilən cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub.

İdarə rəisi qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti