...

Azərbaycanlı tələbələr Bolqarıstanda (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 15:36 (UTC +04:00)
Bakı Slavyan Universitetinin bir qrup tələbəsi Müqəddəs K.Oxridski adına Sofiya Universitetinin Slavyanşünaslıq fakültəsi tərəfindən xarici tələbələr və müəllimlər üçün təşkil edilən bolqar dili və mədəniyyəti mövzusunda 54-cü yay məktəbində iştirak etmək məqsədilə Bolqarıstanda səfərdə olublar.
Azərbaycanlı tələbələr Bolqarıstanda (FOTO)

Bakı. Trend:

Cari ilin iyul ayında Bakı Slavyan Universitetinin bir qrup tələbəsi Müqəddəs K.Oxridski adına Sofiya Universitetinin Slavyanşünaslıq fakültəsi tərəfindən xarici tələbələr və müəllimlər üçün təşkil edilən bolqar dili və mədəniyyəti mövzusunda 54-cü yay məktəbində iştirak etmək məqsədilə Bolqarıstanda səfərdə olublar.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, yay məktəbinin məqsədi bolqarşünaslıq və slavyanşünaslıq ixtisası üzrə təhsil alan, araşdırma aparan tələbə, professor və tədqiqatçılara bolqar dili və ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaratmaqdır. Proqram çərçivəsində Azərbaycanlı tələbələr Bolqarıstanın bir neçə şəhərində olublar.

Cari il 27 iyul tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində yay məktəbində iştirak edən Azərbaycanlı tələbələrlə görüş keçirilib.

Görüşdə səfir Nərgiz Qurbanova Səfirliyin fəaliyyəti, Bolqarıstan-Azərbaycan münasibətləri barədə məlumat verərək, 3-5 mart 2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Ölkələrimiz arasında bir neçə sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edildiyini və bu yardımın Fond tərəfindən Balkan regionu ölkələrində mədəni sahəyə qoyulan ən böyük sərmayə olduğunu vurğulayıb.

İki ölkə arasında iqtisadi münasibətlərə toxunan səfir sentyabr ayında Bakıda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının təşkil olunacağı barədə məlumat verib. N.Qurbanova cari ilin 29-30 sentyabr tarixində Bakıda keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda Bolqarıstandan yüksək vəzifəli nümayəndələrin iştirak edəcəyini əlavə edib.

Sonda səfir N.Qurbanova tələbələri maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti