...

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 292 671 nəfərə çatıb

Cəmiyyət Materials 15 Avqust 2016 11:41 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydiyyatda olanların sayı 112, 5 min nəfərdən çox artaraq 3 292 671 nəfərə çatıb.
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 292 671 nəfərə çatıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydiyyatda olanların sayı 112, 5 min nəfərdən çox artaraq 3 292 671 nəfərə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara fərdi hesablarında pensiya kapitalı toplamalarına, bununla da öz gələcək etibarlı pensiya təminatında fəal iştirak etməyə imkan yaradır. Bunun nəticəsi olaraq sistemdə qeydiyyata alınanların sayı artmaqda davam edir.

Belə ki, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin iyul ayında 13 522 nəfər, yanvar-iyul aylarında isə 112 517 nəfər artaraq 3 292 671 nəfərə çatıb. Onlardan 674 176 nəfərini (20,4 faiz) 30 yaşa qədər olanlar, 833 656 nəfərini (25,3 faiz) 30-40 yaşlarında olanlar təşkil edir. Həmçinin sığortaolunanların 661 802 nəfəri (20,1 faiz) 40-50 yaşlarında olanlar, 695 393 nəfəri (21,1 faiz) 50-60 yaşlarında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.

Hər bir sığortaolunan fərdi uçot sistemində uçota alınaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə, vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti