...

Ümumdünya Humanitar Yardım Günü: qeyd etmə və düşünmə günü (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2016 16:02 (UTC +04:00)
Avqustun 19-da Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Humanitar Yardım Gününü qeyd edir
Ümumdünya Humanitar Yardım Günü: qeyd etmə və düşünmə günü (FOTO)

Bakı. Trend:

Avqustun 19-da Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Humanitar Yardım Gününü qeyd edir. Bu, hamımızın üzləşdiyimiz konkret qlobal çağırışlar barədə məlumatlılığı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən müəyyən edilən əlamətdar günlərin siyahısına nisbətən son dövrlərdə əlavə olunmuş tarixdir.

Hazırda qlobal humanitar yardım tələbatları II Dünya Müharibəsindən bəri rekord həddə çatıb. Belə ki, dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılıdır.

Ümumdünya Humanitar Yardım Günü Bağdadda 2003-cü ildə BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu (Sergio Vieira de Mello) da daxil olmaqla 22 nəfərin həyatı bahasına başa gəlmiş BMT-nin humanitar yardım missiyasının bombalanmasının altıncı ildönümündə – 2009-cu ildə təsis edilib

Ümumdünya Humanitar Yardım Günü humanitar böhranların qurbanlarının ağır vəziyyətinin ön plana çəkildiyi gün olmaqla yanaşı, həm də bütün ölkələrdən olan minlərlə qadın və kişinin humanitar böhranların həllinin axtarılmasına yönələn səylərinin və çox zaman şəxsi fədakarlıqlarının qeyd edildiyi gündür. Bu, çox zaman köməksiz vəziyyətdə olanların həyatlarını yenidən qurmalarına, bəzən isə sadəcə olaraq növbəti günə salamat çıxmalarına yardım göstərmək üçün komfortlu həyatlarından ayrılıb münaqişələrin, texnogen və ya təbii fəlakətlərin olduğu yerlərə gedən insanlara rəğbət və dəstək günüdür.

Humanitar yardım işi həmişə təhlükəli iş olub və son illər insidentlər və bədbəxt hadisələr dözülməz həddə çatıb. Humanitar yardım işçilərinin təhlükəsizliyinə dair məlumat bazasında (https://aidworkersecurity.org/incidents/report/summary) 2004-cü ildən 2014-cü ilədək təhlükəsizlik sahəsində baş vermiş insidentlərin sayını əks etdirən rəqəmlər toplanıb və onlar Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının humanitar yardım işçilərinə hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı dalğavarı artımı nümayiş etdirir. 2004-cü ildə 56 humanitar yardım işçisi qətlə yetirildiyi halda, 2014-cü ildə bu rəqəm artaraq 121-ə çatıb. İnsidentlərin ümumi sayı 2004-cü ildəki 63 rəqəmindən 2014-cü ildə 190-da çatıb. Məlumat bazasında mülki əhalinin mənafelərinə xidmət edən və müharibələrin və şiddətli münaqişələrin təsirinə məruz qalan könüllülərin işinin nələrin bahasına başa gəldiyini göstərən təfsilatlı rəqəmlər təqdim edilir.

Humanitar yardım işçiləri vəzifələrini yerinə yetirərkən həlak olduqda biz hamımız üzülür, oğurlanmış insanlar yenidən azadlıqlarına qovuşduqda isə sevinirik. Lakin çox zaman biz anlaya bilmirik ki, nəyə görə humanitar yardım işçiləri həll etməyə çalışdıqları problemlərin qurbanı olurlar? Nəyə görə humanitar yardım işçiləri getdikcə daha çox hallarda zorakılıqların və qətllərin hədəfinə çevrilirlər? Humanitar yardım işçilərinin məhz özlərini bu işə həsr edən və yalnız mülki əhalinin iztirablarını yüngülləşdirmək barədə düşünən insanlar kimi tanınmasını təmin etmək üçün nə etmək olar?

Humanitar yardım işi aşağıdakı sadə və fundamental prinsiplərə əsaslanır: insanların həyatının xilas edilməsini və insan iztirablarının aşkarlandığı hər bir yerdə ilk növbədə bu iztirabları aradan qaldırmağı tələb edən humanizm prinsipi; istənilən hərbi əməliyyatlar zamanı tərəflərdən heç birinin tərəfini tutmamağı nəzərdə tutan neytrallıq prinsipi; humanitar yardım fəaliyyətinin yalnız tələbatlara və ilk növbədə təxirəsalınmaz tələbatlara əsaslanmasını və hər hansı növ ayrı-seçkilik qoyulmadan çatdırılmasını nəzərdə tutan qərəzsizlik prinsipi; və humanitar yardım fəaliyyətinin hər hansı digər qeyri-humanitar subyektlərin siyasi, iqtisadi, hərbi və ya digər məqsədlərindən asılı olmamasını nəzərdə tutan müstəqillik prinsipi.

Bu prinsiplər mühüm praktiki əhəmiyyətə malikdir: birincisi, onlara riayət edilməsi humanitar yardım işçilərini tanımağa və münaqişə iştirakçılarından fərqləndirməyə imkan verir və ikincisi və ən önəmlisi, onların təhlükəsizliyini təmin edir.

Amma bunlar kifayət etmir və hər il bir çox humanitar yardım işçilərinin sadəcə olaraq öz işlərini yerinə yetirməsi həyatları bahasına başa gəlir.

Humanitar yardım işçilərinin fəaliyyət göstərdiyi bəzi münaqişələr zamanı humanitar prinsiplərə və əməliyyatlara qarşı sayğısızlığın və etinasızlığın yeni səviyyəsi müşahidə olunub. Mülki əhalinin uzun müddət mühasirədə saxlanması və ya humanitar təşkilatların xəstəxanalarının bombalanması son münaqişələr zamanı döyüşən tərəflərlə dinc mülki əhali arasında hər hansı fərq qoymaqdan mahiyyət etibarı ilə imtina edilməsinin dramatik rəmzinə çevrilib.

İqlim dəyişiklikləri və məhdud resurslar uğrunda rəqabət bu münaqişələri birləşdirir və onların mülki xarakterini artırır. İcmalar su çatışmazlığı və otlaqların səhralaşması ucbatından, habelə əkinə yararlı torpaqlara və balıqçılığa yararlı sulara çıxış əldə etmək üçün bir-birinə qarşı çıxırlar. Etnik mənsubiyyət və tayfabazlıq təhlükəsizliyin təminatına çevrilir və həmvətənlərin və köhnə qonşuların əleyhinə yönəlir.

Humanitar yardım işçiləri hamının sağ qalmaq uğrunda apardığı amansız mübarizənin təsirinə məruz qalır və çox zaman ən zəif şübhə ucbatından "əks tərəfin mövqeyində duran" və ya neytrallıqlarını itirən şəxslər hesab olunurlar. Onlar çıxılmaz vəziyyətlərdə "ildırım zərbəsini qəbul edən sipərə" çevrilir, habelə çalışdıqları yerlərdən çox-çox uzaqlarda oynanılan siyasi oyunların "qurbanlıq keçilərinə" çevrilirlər. Humanitar yardım işçilərinə hücumlar siyasi imarıcların çatdırılması, maddi mənfəət əldə edilməsi, yaxud sadəcə olaraq müəyyən yerli mübahisədə mövqeyin bəyan edilməsi üsuluna çevrilir. Münaqişə tərəfi olan dövlətlər humanitar yardım işçilərinin neytral tərəf statusunu tanımalı, onların təhlükəsizliyini prioritet hesab etməli və təmin etməlidirlər.

Münaqişələrin siyasi yolla həllinə ehtiyac var. Humanitar böhranların humanitar həlli yolu yoxdur. Bu ismarıc bu ilin mayında İstanbulda keçirilmiş birinci Ümumdünya Humanitar Sammitinin 9 min iştirakçısı tərəfindən aydın şəkildə bəyan edildi. Təkcə münaqişələrdə birbaşa iştirak edən dövlətlər deyil, həm də digər dövlətlər kompromislər tapmaqdan ötrü siyasi iradə nümayiş etdirmək, rıçaqlardan istifadə etmək və döyüşən tərəfləri danışıqlar masası arxasında oturmağa vadar etmək üçün zəruri təzyiq göstərmək istiqamətində daha ciddi səy göstərməlidirlər.

Dünya ictimaiyyəti köhnə münaqişələrin həllini görmək və humanitar yardım işçiləri də daxil olmaqla qurbanların sayının artmasını dayandırmaq istəyirsə, daha hərəkətsiz qala bilməz. 

Humanitar əməliyyatlarda öz xidmətlərini təklif edənlərin cəsurluğunu və fədakarlığını qeyd etdiyimiz bu gündə hər kəs bu işə töhfə verməsinin, münaqişə alovu üzərinə "bir vedrə su" atmasının yolları və vasitələri barədə düşünmək üçün əlavə səy göstərməlidir. Bunu humanitar əməliyyatlara maddi yardım göstərməklə və ya dünya liderlərinə liderliklərini həyata keçirmək və bütün dünyada sülhə və münaqişələrin həllinə nail olma işinə sadiqliklərini nümayiş etdirmək vəzifələrini davamlı olaraq xatırlatmaqla etmək olar.

Humanitar Yardım Günü humanitar yardım işçilərinin bu dünyanı daha dinc və tolerant məkana çevirməyə yönələn səylərinə öz imkan və vasitələrimizə əsaslanaraq mənən və hərəkətlərimizlə qoşulmaqla hamımızı bu işlərin həllində iştirak etməyə çağıran gündür.

Furio De Angelis Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycandakı Nümayəndəsidir. BMT QAK BMT-nin qaçqınların işləri və qlobal didərginlik məsələləri üzrə qlobal orqanıdır. BMT QAK 1993-cü ildən Azərbaycanda mühüm humanitar yardım funksiyasını yerinə yetirir və məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində və onların yaşayış şəraitinin və iqtisadi perspektivlərinin yaxşılaşdırılmasında hökumətə aktiv surətdə yardım göstərmiş bütün humanitar yardım işçilərinə minnətdarlıq edir.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti