...

11 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2016 14:36 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.
11 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 11 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

Mənzillərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Z.Babayev bu tədbirlər sırasında həmin insanların yeni mənzillərlə təminatının mühüm yer tutduğunu, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının bu istiqamətdə işlərin xeyli güclənməsinə şərait yaratdığını vurğulayıb: “Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.

Z.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, habelə pensiya və sosial müavinətlərlə də təmin edildiklərini, ötən dövrdə bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını vurğulayıb. O, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası, eləcə də xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm işlərin görüldüyünü bildirib.

Tədbirdə iştirak edən əlil ictimai birliklərinin nümayəndələri sosial cəhətdən həssas qruplara aid şəxslərin təminatlarının gücləndirilməsinə yönələn dövlət siyasətindən razılıqla söz açıblar. Onlar Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial problemlərinin həlli, xüsusən yeni mənzillərlə təmin edilməsi işlərinin ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar.

Qarabağ müharibəsi və şəhid ailələri onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmaları, sosial təminatlarının gücləndirilməsi məqsədilə görülən işlərə, yeni və rahat mənzillərlə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra yeni mənzillərdə yaradılmış şəraitə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. İstifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2 ədədi şəhid ailələrinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti