...

Azərbaycanda şəhid ailələrinə yeni güzəştlər təsdiq edildi

Cəmiyyət Materials 14 Oktyabr 2016 12:55 (UTC +04:00)
Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir.
Azərbaycanda şəhid ailələrinə yeni güzəştlər təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 1-ci maddəsinin ikinci hissəsinə təklif edilən dəyişikliyə əsasən, güzəştlərin tətbiq edildiyi şəhid ailəsinin üzvü hesab edilmə halları artırılır.

Təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək güzəştlərin tətbiq edildiyi şəhid ailəsinin üzvləri hesab edilir.

Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək güzəştlərin tətbiq edildiyi şəhid ailəsinin üzvləri hesab edilir.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, “texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri” sözləri “ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini” sözləri ilə əvəz edilir.

Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılır. Belə ki, təklif edilən dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunurlar.

Qeyd edək ki, nəzərdə tutulan güzəştlər 23 yaşı tamam olmamış şəxslərə şamil edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti