...

Qobustanda özünüməşğulluq proqramı təliminin iştirakçıları ilə görüş (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2016 15:35 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rayonda özünüməşğulluq proqramı üzrə həyata keçirilən təlim prosesi ilə də tanış olub, təlimə cəlb edilmiş sakinlərlə görüşüb.
Qobustanda özünüməşğulluq proqramı təliminin iştirakçıları ilə görüş (FOTO)

Bakı. Trend:

Qobustanda vətəndaşların fərdi qəbulunu keçirən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rayonda özünüməşğulluq proqramı üzrə həyata keçirilən təlim prosesi ilə də tanış olub, təlimə cəlb edilmiş sakinlərlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının əhalinin məşğulluq səviyyəsinin artırılmasına növbəti Prezident qayğısı olduğunu və ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb: “Sərəncamın icrası istiqamətində məqsədyönlü işlər görülür. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz vətəndaşların şəxsi biznesin qurulması ilə bağlı zəruri bilik və bacarıqlara malik olmaları məqsədilə hazırda iki aylıq təlim kursları aparılır. Bu təlim kursları Beynəlxalq Əmək Təşkilatının (BƏT) təqdim etdiyi təlim proqramları əsasında və BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanaraq sertifikatla təmin olunmuş təlimçilər tərəfindən həyata keçirilir”.

Nazir bildirib ki, işaxtaran və işsiz vətəndaşlar üçün özünüməşğulluq üzrə təşkil olunmuş təlim kurslarından bir hissəsi artıq növbəti ayın ilk günlərində yekunlaşacaq: “Həmin kursları bitirən şəxslər özünüməşğulluq fəaliyyəti üçün seçdikləri fəaliyyət sahələri üzrə hazırladıqları biznes-planları keçiriləcək imtahanlarda müdafiə etməlidirlər. İmtahanlar zamanı uğurlu biznes-planlara sahib olan vətəndaşlar müəyyən ediləcək, onların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün tədbirlər görüləcək. Özünüməşğulluq fəaliyyəti qurduqdan sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin ediləcək. Yəni bütün səylər ona yönələcək ki, onlar öz ailələri üçün uğurlu biznes qura bilsinlər”.

S.Müslümov Qobustan rayonu üzrə də özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz vətəndaşlar üçün cari il oktyabrın 2-dən təlim kursuna başlanıldığını bildirib. Bu kursda hazırda 6 nəfər rayon sakini aidiyyəti bilik və bacarıqlara yiyələnir. Nazir təlim kursunun iştirakçılarının aparılan təlim prosesi, gələcəkdə hansı sahələrdə biznes qurmaq fikrində olduqları ilə maraqlanıb. İştirakçılar təlim prosesindən razı qaldıqlarını, burada biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələndiklərini, özünüməşğulluq fəaliyyəti göstərmək istədikləri sahələri (maldarlıq, plastik qapı-pəncərə hazırlanması, qaynaqçılıq və s. ) qeyd ediblər.

Təlim kursunda olan sakinlər onlar üçün özünüməşğulluq imkanlarının yaradılması, ailə bizneslərinin formalaşdırılması üçün aparılan mühüm işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar gələcəkdə dövlətin dəstəyindən layiqli şəkildə faydalanaraq, uğurlu ailə bizneslərini qurmaq əzmində olduqlarını, bunun üçün səylərini daim artıracaqlarını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti