Bakı. Trend:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən mərasim keçirilib.
Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Acarıstan Ali Sovetinin sədri David Qabaidze, Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze, Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvilini, Kənd-təsərrüfatı naziri Laşa Komaxidze, Batumi şəhərinin meri Giorgi Yermakov Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının Baş Katibi Osman Çalışkan, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İranın Baş Konsulu Hossein Maşhadi, Türkiyə Baş Konsulluğunun əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin əməkdaşları, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbirdə baş konsul Rəşad İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini iştirakçıların diqqətinə çatdırıb.
Həmcinin, baş konsul Rəşad İsmayılov bu bayramın tarixi haqqında məlumat verib. O, Həmrəylik Gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib və bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu vurğulayıb. Baş konsul dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
Tədbirdə cıxış edən Acarıstan Ali Sovetinin sədri David Qabaidze azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirib. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan Ali Sovetin sədri qeyd edb ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.
Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.