Bakı. Trend:
Yanvarın 18-də Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov Şota Rustaveli adına Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında 1990-cı ilin yanvar hadisələri ilə bağlı tələbələr qarşısında çıxış edib.
Konsulluqdan Trend-ə verilən məlumata görə, xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütovlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd edən R.İsmayılov 20 yanvar 1990-cı il tarixində öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin qətlə yetirildiyini, lakin bu hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndiyini vurğulayıb.
R.İsmayılov o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyevin verdiyini və onun 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini və Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Milli Məclisinin 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etdiyini qeyd edib.