...

Qanunsuz tikililərlə bağlı problemlərin həlli daha da asanlaşacaq

Cəmiyyət Materials 24 Yanvar 2017 13:27 (UTC +04:00)
Bələdiyyələrin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra qanunsuz tikililərlə bağlı problemlərin həlli daha asan olacaq.
Qanunsuz tikililərlə bağlı problemlərin həlli daha da asanlaşacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bələdiyyələrin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra qanunsuz tikililərlə bağlı problemlərin həlli daha asan olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunsalar da, bu tikililər rəsmiləşdirilməyib.

Onun sözlərinə görə, qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi odur ki, bələdiyyə torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu bilməyib: “Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud deyil”.

A.Rəhimzadə bildirib ki, xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq: “Çünki indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyələrin indiyə qədər əraziləri haradır, xəritələri harada başlayır, harada qurtarır - bu barədə məlumatları yoxdur”.

Komitə sədri əlavə edib ki, bələdiyyələrin xəritələrinin əksəriyyəti hazırlanaraq müvafiq quruma təqdim edilib: “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti