Bakı. Trend:
Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat təsdiq olunub.
Palatadan Trend-ə verilən məlumata görə, audit 2014-2015-ci illərdə Milli Geoloji Kəşfiyyat Xidməti, Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyası, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası, Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyası, Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası, Mineral Xammal Elmi Tədqiqat İnstitutu, Geoekoloji Monitorinq Mərkəzi, Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi, Geoloji Planalma Ekspedisiyası və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu tərəfindən istifadə olunan ümumilikdə 13360,2 min manat vəsaiti əhatə edib.
Müəyyən edilib ki, nazirlik tərəfindən (2001-ci ildə) hüquqi şəxs statuslu dövlət orqanı kimi yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və bu Xidmətin hüquqi şəxs statuslu qurumu kimi yaradılan 10 qurumun dövlət qeydiyyatına alınması təmin edilməyib, proqnoz göstəricilərinin tərtibi zamanı gözlənilən xərclərin və tələb olunan vəsaitin həcmi üzrə müvafiq hesablamalar aparılımadan keçən ilin faktiki xərclərini təqribi artırılmaqla büdcə təklifləri hazırlanıb.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat işləri üzrə vəsait ayrıldıqdan sonra 2014-cü il üçün dövlət sifarişi həmin ilin aprel ayında, 2015-ci il üçün isə həmin ilin mart ayında təsdiq edilib, 2014-cü ilin Dövlət Sifarişində “Seysmoaktiv zonaların seysmogeodinamik şəraitinin öyrənilməsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə palçıq vulkanlarında müşahidə işlərinin aparılması”na dair geoloji işlər nəzərdə tutulsa da, həmin işlər Xidmətin “Obyektlər Planı”na daxil edilməyərək icra olunmayıb, “Obyektlər Planı”nda nəzərdə tutulan bəzi obyektlər üzrə layihənin smeta dəyəri, hər ilin başlanğıcına qalıq smeta dəyəri, yekun hesabatın Elmi-Texniki Şuraya təqdim olunma tarixi göstərilməyib, radioaktivlik xəritəsinin tərtibi üzrə geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında aktlarda nüvə geofiziki axtarış işlərinin respublikanın hansı ərazisində yerinə yetirildiyi qeyd edilməyib, bəzi hallarda başa çatdırılmış işlərə çəkilən məsrəflərin hesabatdan silinmə dövrü ilə hesabatın Arxiv Fonduna təhvil verilmə dövrü arasında uyğunsuzluqlar mövcud olub, başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatlar Arxiv Fonduna təhvil verilsə də, həmin işlərə çəkilən məsrəflərin ekspedisiyaların mühasibat hesabatlarından vaxtında silinməməsi səbəbindən hesabatlarda nöqsanlara yol verilib.
Dövlət sifarişinin müvafiq bəndində xüsusi geoloji təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və xüsusi materialların alınması üçün vəsait nəzərdə tutulduğu və həmin vəsait hesabına Xidmət tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan əsas vəsaitlər, məmulat və materiallar ilə ekspedisiyalar əvəzsiz qaydada təmin edildiyi halda, ekspedisiyalar tərəfindən onlara ayrılmış vəsaitin təyinatı dəyişdirilərək xüsusi təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və digər bu kimi material ehtiyatlarının alınmasına yönəldilib, ekspedisiyalar tərəfindən bəzi obyektlərin layihə-smeta sənədlərində xərc elementləri üzrə (əmək haqqı, material ehtiyatları, nəqliyyat və s. xərclər) norma kimi müəyyən edilən məbləğ ilə geoloji-axtarış və qiymətləndirmə işlərinin aprılmasına çəkilən faktiki xərclərin məbləği fərqli olub.
Geoloji-kəşfiyyat və topogeodeziya-axtarış işlərinin aparılmasını tənzimləyən normativ-hüquqi aktların qəbulu istiqamətində tədbirlər həyata keçirilməyib, normativ-hüquqi akt qəbul etmək hüququ olmayan nazirliyin Layihələndirmə Mərkəzi tərəfindən təsdiq edilmiş “Geoloji-kəşfiyyat işlərində iş vahidinə əmək sərfi norması və smeta qiymətləri Toplusu”na əsasən müəyyən olunub, eyni zamanda Mərkəz tərəfindən əsaslandırma aparılmadan əmək haqqı xərclərinin 15%-i həcmində xidmət haqqı yerinə yetirilmiş işlərə çəkilən əsas xərclərin tərkibinə daxil edilib.
Hesablama Palatasının Kollegiya iclasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığı nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.