Bakı. İlhamə İsabalayeva - Trend:
“Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub.
Fonddan Trend-ə verilən məlumata görə, bu məqsədlə Elmin İnkişafı Fondu ilə “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında “Asan İmza” mobil elektron imza innnovasiya sisteminə qoşulma haqqında müvafiq saziş imzalanıb.
Bu saziş müxtəlif xarakterli elmi-tədqiqat işlərinin qrant maliyyələşdirilməsi üçün layihələrin “e-QRANT” elektron sistemi vasitəsi ilə təqdim olunmasında “Asan İmza” xidmətindən istifadəni nəzərdə tutur.
Bununla yanaşı Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün “Asan İmza” xidmətinin ödənişsiz olaraq əldə edilməsi məqsədilə ilkin xüsusi aksiyanın keçirilməsini də elan edib. Aksiyanın şərtlərinə uyğun olaraq alimlər cari ilin fevral ayının sonuna kimi Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti tərəfindən onlara təqdim olunan sertifikatdan istifadə etməklə, ödənişsiz olaraq “Asan İmza” xidmətindən yararlana biləcək. “Asan İmza”nın əldə edilməsi üçün alimlər sertifikatla və digər zəruri sənədlərlə 1 saylı “ASAN xidmət”ə müraciət etməlidir. Bu aksiya ilkin olaraq Fondun yeni elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində iştirak etmək istəyən və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumlarında çalışan alimləri əhatə edəcək.
“Asan İmza” xidmətindən istifadə Elmin İnkişafı Fondunun elektron sisteminə sənədlərin və müxtəlif layihələrin təqdim edilməsi üçün alimlər və ekspertlər qarşısında innovativ imkanlar açır.