...

FIG texniki komitəsi: Bakı batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıqla bağlı böyük işlər görüb

Cəmiyyət Materials 16 Fevral 2017 20:49 (UTC +04:00)
Təşkilatçılar Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna hazırlıqla bağlı böyük işlər görüblər.
FIG texniki komitəsi: Bakı batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıqla bağlı böyük işlər görüb

Bakı. Maksim Tsurkov - Trend:

Təşkilatçılar Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna hazırlıqla bağlı böyük işlər görüblər.

Bunu Trend-ə açıqlamasında Beynəlxalq Gimnastika Federasiyasının (FİG) batut gimnastikası üzrə texniki komitəsinin vitse-prezidenti Nikolay Makarov deyib.

O, Milli Gimnastika Arenasında yarışa hazırlıq prosesi ilə tanış olub və bundan məmnun qalıb:

"Arenada ilk gördüklərimdən təəssüratım bu oldu ki, burada böyük peşəkar işlər görülüb. Bu yeni qaydalarla ilk yarışdır. Bizim üçün hakimin toru görməsi və üfiqi hərəkəti qeyd etməsi vacibdir. Mən zalın quruluşunun fotosunu çəkdim və texniki komitənin prezidentinə göndərdim ki, bundan sonra hər yerdə batutu bu şəkildə quraşdırmaq lazımdır. Hər şey möhtəşəm hazırlanıb, batutlar əladır".

Onun sözlərinə görə, batut gimnastikası üzrə yeni qaydalar çox obyektivdir:

"Birincisi, bu qaydalar hakimlər üzərindən gərginliyi götürür. Onların diqqəti yayınmır, çünki öhdəlikləri azalır. Bütün bunlar ya digər hakimlər tərəfindən ediləcək, ya da bizim planlaşdırdığımız kimi avtomatik olacaq. Çünki bu daha obyektivdir. İkincisi, buna qədər biz müəyyən azaltmaları (çıxmaları) edə bilmirdik, çünki onlar görünmürdü. İndi isə yeni sistem sayəsində görə biləcəyik. Edilən hər şey yaxşılığa doğrudur".

Onun sözlərinə görə, 2018-ci ildə Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatının təşkili planında nəyisə yaxşılaşdırmaq lazım olub olmadığı yarışdan sonra aydın olacaq.

"Start çox maraqlıdır, ona görə ki, idmançılara 2019-cu ildə Bakıda keçiriləcək və Olimpiadaya lisenziya qazana biləcəkləri dünya kubokuna hazırlaşmaq imkanı verir. Ona görə də idmançılara iki il qabaqcadan burda iştirak etmək, özlərini yoxlamaq və yarışlara hazırlaşmaq vacibdir".

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti