...

Satılacaq 800 kiloqrama yaxın ət at əti çıxdı

Cəmiyyət Materials 17 Fevral 2017 17:35 (UTC +04:00)
Sabirabadın Xəlfəli kəndində aşkarlanan, mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatıb.
Satılacaq 800 kiloqrama yaxın ət at əti çıxdı

Bakı. Trend:

Sabirabadın Xəlfəli kəndində aşkarlanan, mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsulları satışının qarşısının alınması məqsədi ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirilib.

Baxış zamanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana), mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan, ümumi çəkisi 600 kq olan heyvan ətləri aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, ümumi çəkisi 600 kq olan heyvan ətləri (at, iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri) haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

Eyni zamanda fevralın 14-də qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımının əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərdə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış, ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilib.
Avtomobildə aşkarlanan mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan sümükdən ayrılmış ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə ondan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən nümunələrin hər birində bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyənləşdirilib. Həmçinin müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at ətləri haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti