Bakı. İlhamə İsabalayeva - Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.
İdarədən Trend-ə verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır.
Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin keçirilməsi ilə şagirdlər qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli ünsürlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə daha geniş məlumat ala biləcəklər.