...

Xarici ölkə diplomatları Novruz adətlərini nümayiş etdiriblər (FOTO)

Cəmiyyət Materials 14 Mart 2017 16:32 (UTC +04:00)
Dövlət Rəssamlıq Akademiyasında 14-17 mart tarixlərində Akademiyada “İslam Həmrəyliyi ili”nə həsr olunmuş “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival keçirilir.
Xarici ölkə diplomatları Novruz adətlərini nümayiş etdiriblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 14-17 mart tarixlərində Akademiyada “İslam Həmrəyliyi ili”nə həsr olunmuş “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival keçirilir.

Fonddan Trend-ə verilən məlumata görə, Tədbirin birinci günü Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəsmilərinin təmsil etdikləri xalqların Novruz adətlərindən bəhs edən elmi-praktik konfrans olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov qonaqları salamlayaraq, Bahar bayramı münasibəti ilə hər kəsi təbrik edib. Azərbaycanın həmişə multikultural dəyərləri ilə fərqləndiyini önə çəkən rektor bildirib ki, müxtəlif xalqların bizim ölkədə azad, sərbəst, tolerant mühitdə yaşaması bu ərazinin İpək yolu üzərində yerləşməsi ilə əlaqədardır. Ö.Eldarov Azərbaycanda Novruzun çox qədim dövrlərdən qeyd edildiyinə diqqət çəkərək, Qobustan qayalarında həkk olunan rəsmlərdə bu izlərə rast gəlindiyini söyləyib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi kollektiv adından tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək, Novruzun dostluq, qardaşlıq, əmin-amanlıq bayramı olduğunu, bu bayramda savaşa, küsülülüyə, ayrılığa yer olmadığını deyib. O.Səmədov Bahar bayramında hamını dostluğa, qardaşlığa, sülh və əmin-amanlığa çağırıb.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Gündüz İsmayılov, dinlə Novruzun vəhdətindən söz açıb. G.İsmayılov Azərbaycanda 2016-ci ilin “Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi İli" olmasını tolerantlıq istiqamətindəki davamlı siyasətin məntiqi nəticəsi adlandırıb. Komitə rəsmisi dünyanın hazırkı mənzərəsinin aqressiya, kin, dağıdıcılıq xətləri ilə ştrixləndiyini deyərək, çıxış yolu kimi, yaxşıların ittifaqının yaranmasını təklif edib. Onun sözlərinə görə, bütün insanların bir əjdadı olduğuna görə, İslam Həmrəyliyi insanları həm İslam, həm də bəşər qardaşlığına çağırır.

G.İsmayılov azərbaycanlıların dini, milli, etnik ayrı-seçkiliyə heç vaxt yol vermədiklərini diqqətə çatdıraraq, daim insan sevgisinin öndə olduğunu bildirib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistasnın Sifi və digər ənənələrində yaz" mövzusunda çıxış edib. Məlum olub ki, Novruz onlarda Basant adı ilə mövcuddur və Bahar bayramının əsas atributu sarı rəngdir. Xardal rəngi kimi təqdim olunan sarı yeni həyata başladıqlarına inanan hindistanlıların bütün məişətlərini bəzəyir.

Misir Təhsil və Mədəniyyət Əlaqələrinin müdiri Əhməd Sami Elaydi “Şam ən-Nəssim-Bahar bayrımı" mövzusunda danışarkən təmsil etdiyi ölkədə bayram günü admların gəzintiyə çıxDıqlarını, "Sürpriz qatar" adlı qatarla tanımadıqları, bilmədikləri bir şəhərə getdiklərini, o şəhərdə təntənəli tədbirlər keçirdiklərini deyib.

İran Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimli "Novruz - sülh və əminamanlıq körpüsü" mövzusunda danışarkən bildirib ki, İran və Əfqanıstandan başqa heç bir ölkədə Baharın gəldiyi gün təqvimin başlandığı tarixlə eyniyyət təşkil etmir. İran təmsilçisi Novruz bayramında süfrəyə "S" hərfi ilə başlayan 7 təam qoyulduğunu, insanların bir-birinə hədiyyələr apardıqlarını, mədəni - kütləvi tədbirlərə qatıldıqlarını deyib.

Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Saki Uçidate "Yaponiyada bahar" mövzusunda slayd nümayiş etdirib. Slaydda Yaponiyada baharın necə qeyd olunduğu, insanların sakura meşələrinə gəzməyə çıxdıqlarından bəhs olunur, Yapon adət-ənənələrinin ümumi izahatları verilib.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva "Azərbaycan xalqının milli-ənənəvi bayramı" mövzusunda çıxış edərək, Novruzun 4500-il öncə Zərdüştlük dövrünə təsadüf etdiyini arxeoloji qazıntılar zamanı aşkara çıxan, əşyaların şəkilləri üzərində isbatlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqarfiya İnstitutunun əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru Piriağa İsmayılzadə tarixə ekuskurs edərək, "Novruz bayramı türk xalqlarının mənəvi dəyərlər sistemində" mövzusunda faktlar səsləndirib. Natiq bildirib ki, Novruz əsasən təsərrüfat bayramıdır. Yerin oyanışı təsərrüfatda özünü daha bariz göstərdiyindən və ellərə bərəkət, ruzi gətirdiyindən Novruz bütün insanlığın bayramı hesab olunur.

Qonaqlar tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar, canlı kompazisiyaların iştirakçısına çevrilib, Azərbaycan, İran, Yaponiya, Misir və İraq səfirliklərinin hazırladqları Novruz guşəsi ilə tanış olublar.
Festivalın növbəti günlərində tələbələrinin ifasında musiqi nömrələri, Novruz bayramı və yazın gəlişi ənənəsinə həsr olunmuş video süjet nümayiş olunacaq, Azərbaycanda təhsil alan əcnəbi tələbələr festivalda öz ölkələrindən qonaq olan nümayəndələrlə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti