...

"Le Carrefour" qəzeti Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin rəsmi saytında

Cəmiyyət Materials 3 May 2017 17:26 (UTC +04:00)
Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (UPF) rəsmi saytında Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzeti və www.lecarrefour.az saytı, o cümlədən birliyin Azərbaycan bölməsi haqqında məlumat yerləşdirilib.
"Le Carrefour" qəzeti Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin rəsmi saytında

Bakı. Trend:

Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (UPF) rəsmi saytında Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzeti və www.lecarrefour.az saytı, o cümlədən birliyin Azərbaycan bölməsi haqqında məlumat yerləşdirilib.

Bu barədə Trend-ə “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru, birliyin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Z.Kazımova bildirib ki, Azərbaycan mediasının, o cümlədən fransızdilli mətbu orqanının beynəlxalq səviyyədə təmsil olunması təqdirəlayiqdir, bu, həm də rəhbərlik etdiyi qəzet üçün mühüm hadisədir: “Yaxınlarda 10 yaşını qeyd edəcək “Le Carrefour” qəzeti üçün bu çox əhəmiyyətlidir. Azərbaycanın adının BFMB-nin üzv ölkələri siyahısında yer tutması jurnalistikamızın adına sevindirici haldır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkə mediasının beynəlxalq səviyyədə təmsil olunmasının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəaliyyətinin, xarici media resursları ilə əlaqələrinin yaradılmasının vacib olduğunu bildirir. Bu istiqamətdə fransızdilli qəzetin və saytın ölkəmizi 110 ölkənin 3000-dən çox media təmsilçisini birləşdirən bir qurumda təmsil olunması cənab Prezidentin bu sahədəki tövsiyəsinə və dövlətimiz tərəfindən bu sahədə aparılan siyasətə dəstəkdir”.

Qeyd edək ki, UPF 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq jurnalstlər və mətbuat qurumudur. 110 ölkədən 3000-dən çox üzvü olan bu təşkilat bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı, YUNESKO və BMT tərəfindən tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti