Bakı. Samir Əli - Trend:
Bu gündən etibarən Bakının yollarında çəkilmiş xüsusi zolaqlara icazəsi olmayan nəqliyyat vasitələrinin girişi qadağan edilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.
Onun sözlərinə görə, sarı zolağa icazəsiz daxil olan nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. V.Əsədov bildirib ki, sarı zolaqlarda hərəkəti qadağan edən yol işarələri də qoyulub. Qayadanı pozan sürücülər 40 manat cərimə olunacaq. Bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirakla bağlı qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub: "Akreditasiyadan keçən jurnalistlərin sarı zolaqlardan istifadə etməsi üçün isə mütləqdir ki, təşkilat komitəsi ilə razılaşdırılmalı və şəxsi avtomobilə xüsusi birka, tanınma işarəsi vurularaq qeydiyyatdan keçməlidir. Xüsusi birka da qabaq şüşəyə və arxadan kopotun üzərinə yapışdırılmalıdır”.