...

ADU-da Nobel mükafatı laureatı Rabindranat Taqora həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2017 19:51 (UTC +04:00)
Nobel mükafatı laureatı Rabindranat Taqorun anadan olmasının 156-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADU-da Nobel mükafatı laureatı Rabindranat Taqora həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə hind yazıçısı, rəssam, ictimai xadim və Nobel mükafatı laureatı Rabindranat Taqorun anadan olmasının 156-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Norbu Negi, Hindistanın fövqəladə və səlahiyyətli səfirinin xanımı Barbara Rana tərəfindən R.Taqorun xatirəsinə çıraq yandırılıb.

Açılış nitqi ilə çıxış edən professor Ə.Abdullayev qonaqları salamlayaraq görkəmli hind yazıçısı R.Taqora həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. R.Taqorun yaradıcılığı haqqında danışan professor onun şair, yazıçı olmaqla yanaşı, həm də rəssam olduğunu vurğulayıb. O, R.Taqorun milləti və ölkəsi haqqında məlumatları öz əsərlərində dünyaya çatdırdığını deyib və onun hər zaman öz intellekti, təhsili ilə seçildiyini sözlərinə əlavə edib. R.Taqorun Nobel mükafatı alan ilk qeyri-avropalı olduğunu bildirən Ə. Abdullayev onun “Geetanjaali” şeirlər toplusuna görə bu mükafata layiq görüldüyünü vurğulayıb.

Çıxışının sonunda professor Ə.Abdullayev bu tədbirdən sonra tələbələrin R.Taqorun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat toplayacaqlarına əminliyini ifadə edib və Hindistan səfirliyi ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili N.Negi qonaqları salamlayaraq səfirlik adından onlara iştirak etdikləri üçün təşəkkür edib. O, bu tədbirin çox istedadlı şəxsiyyət, şair, rəssam olan R.Taqorun həyat və fəaliyyətinə həsr olunduğunu bildirib. R.Taqor haqqında danışan N.Negi onun səkkiz yaşında olarkən ilk şeirini yazdığını söyləyib. O, R.Taqorun üç ölkənin himnini bəstələyən yeganə şəxs olduğunu qeyd edib. R.Taqorun bütün bəşəriyyətin azadlığını müdafiə etdiyini deyən N.Negi onun fəaliyyətinin din, irq və dil sərhədlərinin hüdudlarını aşan daxili inanc və həmrəylik hisslərindən ruhlandığını sözlərinə əlavə edib.

Daha sonra tədbirdə hindi dilində R.Taqorun şeirləri söylənilib, mahnılar ifa edilib və rəqslər nümayiş olunub.

Sonda Hindistan mətbəxinə məxsus təamlar qonaqlara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti