...

Qaradağda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 15 İyul 2017 11:15 (UTC +04:00)
14 iyul 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Qaradağda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş tədbir keçirildi (FOTO)

Bakı. Trend:

14 iyul 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd etdi. Bildirdi ki, dahi rəhbər bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünə məxsus yer tutur. Bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər bütün daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.

Sonra millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli Ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də xalqa liderlik etdiyini vurğuladı. Natiq bildirdi ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurlar hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Vətəninə hədsiz məhəbbəti, təmənnasız xidməti Ulu Öndərə hər kəsin qəlbidə əbədi məhəbbət qazandırıb. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcəkdir.

Daha sonra çıxış edən millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev dövrü başlanıb: "Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur. Dünya Azərbaycanlılarının Lideri, Ulu Öndər Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər Vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb.

Tədbirdə digər çıxış edənlər də Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs etdilər.









Xəbər lenti

Xəbər lenti