Bakı. Samir Əli - Trend:
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə Trend-ə özəl olaraq FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
O, yanğınsöndürmə əməliyyatlarında FHN-nin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmçinin yanğnsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnika cəlb olunub.
Meşə yanğınları bu gün gündüz saatlarında tam söndürülüb.
Qeyd edək ki, avqustun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Meşə Yüksək dağlıq ərazisində - Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verməsi barədə məlumat yaymışdı.