...

AZTV – baxdığımız və baxmaq istədiyimiz kanal

Cəmiyyət Materials 6 Noyabr 2017 15:26 (UTC +04:00)
Əslində hər şey yaddaşa bağlıdır.
AZTV – baxdığımız və baxmaq istədiyimiz kanal

Bakı. Trend:

Əslində hər şey yaddaşa bağlıdır. Yaxşı, pis nə varsa, yaddaşın süzgəcindən keçir – itəni itir, qalanı qalır. Göz yaddaşı, səs yaddaşı, hiss-duyğu yaddaşı zaman-zaman insanın yaşam tərzinin formalaşmasında, üzvü olduğumuz cəmiyyətə, doğulduğumuz torpağa, havasını udduğumuz, suyunu içdiyimiz məmləkətə münasibətdə əhəmiyyətli rol oynayır. Günümüzün-güzəranımızın necəliyindən asılı olmayaraq, həmişə qulağımız səsdə, gözümüz yoldadır. Elə həyatımızı stimullaşdıran amillərdən biri də məhz budur.

Radio, televiziya yaranandan sonra adi həyatdan fərqli şəkildə eşitmək və görmək istəyimizin istiqaməti bir az konkretləşdi - bu “sehirli qutular” bizi özünə, öz cazibə qüvvəsinə elə bağladı ki, həyatımızı bu “qutular”sız təsəvvür edə bilmədik. İllər ötdükcə, bu “qutular”ın sayı çoxaldıqca yaxamız, necə deyərlər, daha çox onların əlində qaldı. Bu gün etiraf edək ki, günümüzün, hətta gecəmizin də çoxu ekran-efir qarşısında keçir. İnterneti də bura əlavə etsək, az qala ailə üzvlərinin bir-biri ilə hal-əhval tutmağa macalı olmur. Bu baxımdan ekran-efir imkanlarından istifadə etməklə vətən övladına vətənpərvərlik, torpaqsevərlik duyğuları aşılamağın, fədakarlığı, qəhrəmanlığı, milli mənafe, milli təəssübkeşlik yolunun əhəmiyyətini təbliğ etməyin misli-bərabəri yoxdur. Bəs bu imkanlardan yetərincə istifadə edə bilirikmi?

Heç bir qeyri təvazökarlıq hissinə qapılmadan deyə bilərik ki, bu gün bu missiyanın öhdəsindən Azərbaycan Televiziyası və Azərbaycan Radiosu böyük fədakarlıqla gəlir. İstər 60 ildən çox yaşı olan Aztv, istərsə də 90-ı keçmiş Azərbaycan Radiosu ildən-ilə inkişaf perspektivlərini, yaradıcılıq imkanlarını genişləndirmiş, tamaşaçısı və dinləyicisi qarşısında inamlı mövqeyini, ləyaqətli simasını, söz demək bacarığını, könül qapılarını döymək cəsarətini qorumağı bacarmışdır. Zaman-zaman ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində tamamilə yeniləşən bu yaradıcılıq ocağı öz fəaliyyətində müasirliyi və milliliyi vəhdət halında cilalaya bilmiş, yaradıcılıq potensialını dövrün, zamanın ahənginə uyğun olaraq milli ənənələrə sadiqliklə inkişaf etdirib modern bir quruma çevrilmişdir. Şübhəsiz, bu məsələdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovun adını çəkməmək, onun peşəkar rəhbər fəaliyyətindən söz açmamaq, istər texniki təchizata, istər yaradıcılıq prinsiplərinə, istərsə də kadr seçiminə kreativ yanaşma tərzini qeyd etməmək insafsızlıq olardı. Düzdür, dövlət yetərincə maddi və mənəvi dəstəyini göstərib, Peyk vasitəsilə yayımdan tutmuş, ən müasir avadanlıqlarla (çəkiliş, montaj və sair) təmin edilmiş, kollektivin normal çalışması üçün gözəl şərait yaradılmış, bir sözlə, müasir teleradio fəaliyyətinə gərəkən bütün tədbirləri görmüşdür. Ancaq onu da unutmayaq ki, bütün bu işlərin həyata keçirilməsində sədr Arif Alışanovun təşəbbüskarlığı, kollektivin uğurlarının təməl prinsiplərini görmək bacarığı, ən nəhayət, uzun illər bu sahədə fəaliyyətinə baxmayaraq, daim öz üzərində çalışmağı –nəyi necə etmək üçün “dilemma” qarşısında qalmamağı da az rol oynamayıb. Prezident İlham Əliyevin sərəncamı ilə sədr təyin olunandan sonra Arif Alışanov teleradionun fəaliyyətinə və idarə edilməsinə amatör (həvəskar) baxış bucağını peşəkar və kreativ yanaşma tərzi ilə əvəzləməklə öz sədrlik platformasını bəyan və təqdim etmiş oldu. Maraqlı məqamlardan biri də bu idi ki, Arif Alışanovun sədrlik fəaliyyətinin ilk illərində istər televiziyaya, istərsə də radioya işçi qismində (müxbir, rejissor və sair) müraciət axını oldu. Qərar necə oldu? – buraxın gəlib özlərini sınasınlar, -belə dedi sədr. Bəli, necə deyərlər, qapılar taybatay açıldı. Gəldilər və az bir müddət sonra həyət-bacaya sığmayan o dəstədən (aralarında “rejissor” var idi ki, çəkiliş üçün Mirzə Fətəli Axundovun mobil telefonunu axtarırdı) tək-tük istedadlı olanlar qaldılar. Qeyd edək ki, işçi seçimi məsələsində Arif müəllim həddindən artıq tələbkardır.

Televiziyada nitq, səs və görünüş aparıcı üçün vacib amillərdir. Etiraf edək ki, bu komponentlərin tələbinə ən çox AzTV-də (o cümlədən “İdman Azərbaycan”, “Mədəniyyət kanalı”nda) əməl olunur. AzTV-də təcrübəli aparıcılar gənclərlə çiyin-çiyinə çalışır və öz bilik-bacarıqlarını böyük həvəslə onlara öyrədirlər. Qeyd edək ki, bu varislik prinsipi təkcə aparıcılarla məhdudlaşmır, bütün sahələri əhatə edir. İstedadlı gənclər diqqətlə izlənilir, yaradıcılıq potensialları üzə çıxdıqca (hər üç kanalda) məsul işlər tapşırılır, vəzifəsinə, hətta baş redaktor vəzifəsinə təyin olunurlar. Beləcə, təkamül yolu ilə nəsillərin yenilənməsi davam edir. Olduqca təqdirəlayiq haldır ki, təcrübəli işçilərin potensialından yaradıcı gənclərin bəhrələnməsi üçün hər cür şərait yaradılır. Əlbəttə, unutmaq olmaz ki, zaman dəyişir, dünya köhnə olsa da, yaşam tərzi yenilənir. Tamaşaçı, dinləyici bunlara uyğun proqram axtarır. Bu yöndən, Azərbaycan Televiziyasının kifayət qədər verilişlərinin adlarını çəkmək olar. İnamla demək olar ki, “Xəbərlər”dən tutmuş, ictimai-siyasi məzmunlu verilişlərə, ədəbi-dram, musiqi, mədəniyyət və incəsənət proqramlarına və digər redaksiyaların əməkdarşlarının hazırladıqları verilişlərə qədər cəsarətlə tamaşaçı görüşünə gəlir. “Mədəniyyət kanalı”nın həyata keçirdiyi musiqi layihələri, “İdman Azərbayacan”ın istər yerli, istər dünya idmanını peşəkarlıqla ekranlarımıza gətirməsi də uğurlar sırasındadır. Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını “İdman Azərbaycan”kanalının kollektivi çox peşəkarlıqla idmansevərlərə çatdırdılar.

Onu da qeyd edək ki, son illər Azərbaycan Televiziyasında və Radiosunda görülən işlər, həyata keçirilən tədbirlər, yeni texnologiyanın tətbiqi, müasir avadanlıq imkanları, yaradılan hərtərfli şərait hərbi-vətənpərvərlik verilişlərinin daha keyfiyyətlə və maraqlı hazırlanmasına da təsirini göstərir. Ötən illərə nisbətən indi ezamiyyətlərə getmək, həmçinin çəkiliş, montaj işləri daha rahatdır. “Hərbi -vətənpərvərlik” redaksiyasının hər bir işçisi yaradılan şəraiti dövlətimizin, ölkə rəhbəri İlham Əliyevin Azərbaycan Televiziyasına qayğısı kimi qəbul edir və çalışır ki, tapşırılan işin öhdəsindən layiqincə gəlsin. Redaksiya əməkdaşlaının ən böyük arzusu Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara qarşı zəfər yürüşlərindən, azad edilmiş torpaqlarımızdan Qələbə reportajları hazırlamaqdır.

Yaradıcı kollektiv üçün yaradıcı mühitin olması vacibdir. Bu mühit Aztv –də çox rahatdır –yaz, yarat, yeni yaradıcılıq planlarını həyata keçir, yeni ideyalarını gerçəkləşdir. Hər bir kəsin uğuru bütün kollektivin, eləcə də tamaşaçının uğuru deyilmi?

Bəli, efir çox qüdrətli təbliğat vasitəsidir. Ondan maksimum dərəcədə xalqın, millətin, dövlətin mənafeyi naminə istifadə etmək lazımdır. Bu baxımdan AzTV-nin fəaliyyəti çox təqdirəlayiqdir.

Bir daha qeyd edək ki, yaddaşın formalaşmasında efirin, ekranın rolu müstəsnadır. Efiri, ekranı yalançı ünsürlərdən qorumalıyıq ki, yaddaşımıza da yiyəlik edə bilək. Başqa sözlə, güclü və milli yaddaşa malik insanın, vətəndaşın ömrü, həyatı və fəaliyyəti milli mənafe, milli təəssübkeşlik duyğuları və prinsipləri ilə istiqamətlənir. Məmləkəti hürr edən də bu şərtlərdir. Bu müqəddəs yolda öz şərəfli missiyasını uğurla davam etdirən Azərbaycan Televiziyasının və Radiosunun cəfakeş kollektivinə daha böyük nailiyyətlər arzusu ilə:

Telman Nəzərli, əməkdar jurnalist

Məqalədə:
Xəbər lenti

Xəbər lenti