...

Bakı Metropolitenində 7 vaqonlu qatarlar olacaq (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2017 13:13 (UTC +04:00)
Bakı Metropoliteni gələcəkdə 7 vaqonlu qatarlar gətirməyi planlaşdırır.
Bakı Metropolitenində 7 vaqonlu qatarlar olacaq (YENİLƏNİB) (FOTO)

Bakı. Samir Əli -Trend:

Bakı Metropoliteni gələcəkdə 7 vaqonlu qatarlar gətirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov deyib.

Qurum rəhbəri bildirib ki, hazırda bununla bağlı təkliflər var. 7 vaqonlu qatarlar yeni və müasir tipli olacaq.

Qeyd edək ki, hazırda Bakı Metropliteninin stansiyalarında 5 vaqonlu qatarlar istifadə olunur.

"Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib ki, 7 vaqonlu qatarlar yeni tikilən stansiyalarda istifadə olunacaq.

Onun sözlərinə görə, 7 vaqonlu qatar heyəti yalnız Bənövşəyi xətt və gələcəkdə tikiləcək digər yeni xətlər üzrə hərəkət edəcək: "Hazırda mövcud olan köhnə stansiyalarda bu vaqonların istifadəsi mümkün deyil. Çünki həmin stansiyalar 5 vaqon qəbul etməyə hesablanıb".

Qeyd edək ki, 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Bu gün 8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı münasibətilə keçirilən mərasimdən öncə metropolitençilər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn metropolitençilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti