...

Günəbaxan tumlarını niyə Argentina, Braziliya və Rusiyadan alırıq?

Cəmiyyət Materials 14 May 2018 20:59 (UTC +04:00)
Azərbaycanda günəbaxan yağı istehsal etmək üçün xammal o qədər də əlverişli deyil.
Günəbaxan tumlarını niyə Argentina, Braziliya və Rusiyadan alırıq?

Bakı. Samir Əli - Trend:

Azərbaycanda günəbaxan yağı istehsal etmək üçün xammal o qədər də əlverişli deyil.

Bu barədə Trend-ə açıqlamasında "Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov deyib.

Qurum rəsmisi eyni zamanda əlavə edib ki, Azərbaycanda günəbaxan sahələri də azdır: "Azərbaycanda ümumiyyətlə günəbaxan yağı üçün xammal istehsalı o qədər inkişaf etməyib. Ona görə də biz xam yağı dünya bazarından, əsasən Argentina, Braziliya və Rusiyadan alırıq. Xammal bizə gətirilir, yoxlanılır və yüksək keyfiyyətlə istehsal olunur. Zavodun 270 min ton istehsal gücü var. Azərbaycanın günəbaxan yağına olan tələbatı təxminən 180 min tondur. Azərbaycanın daxili tələbatını ödəyəndən sonra yaxın xarici ölkələrə də yağ ixrac edirik. Gürcüstana, Rusiyanın bəzi hissələri və Yaxın Şərqə yağ ixrac edirik".

A.Səfərov qeyd edib ki, Azərbaycanda istehsal olunan günəbaxanın yağlılığı o qədər də yüksək deyil: "Ona görə də biz ölkədə günəbaxan sahələri salmağı planlaşdırmırıq. Yağlılıq az olduğu üçün də ölkədə xammal istehsal etmək çətindir. Onda biz rəqabətdə digər ölkələrə uduzacağıq".

Kənd Təsərrüfatı Nazirliyindən isə Trend-ə bildiriblər ki, 2016-cı illə müqayisədə ötən il günəbaxan sahələri iki dəfəyə yaxın artırılıb: "Günəbaxan əsasən Goranboy və Samuxda becərilir. Digər rayonlarda da var. 2017-ci ildə 14,9 min hektar sahədə günəbaxan əkilib. Ötən il noyabrın 1-ə qədər 30 min ton günəbaxan istehsal olunub. 2016-cı ildə isə 8,2 min hektar günəbaxan sahəsi əkilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti