Bakı. Trend:
Qaradağ rayonunda səfərdə olan Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti istedadlı gənclərin aşkara çıxarılması və onların asudə vaxtlarının səmərəli istifadə olunması üçün yaradılmış şəraitlə yaxından tanış olmaq məqsədilə 23 noyabr 2017-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Gənclər Evində olublar.
Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qonaqların nəzərinə çatdırdı ki, ölkədə prioritet hesab edilən məsələ - gənclər siyasəti dövlətin daim diqqət mərkəzindədir. Dövlət gənclər siyasətinin ardıcıl olaraq davam etdirilməsi və gənclərin potensialının üzə çıxarılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən sonuncusu 2017-2021-ci illəri əhatə edən üç “Azərbaycan Gəncliyi Dövlət Proqramı və onların icrası ilə bağlı müvafiq tədbirlər planları imzalanmışdır. Qeyd olundu ki, hal-hazırda Gənclər Evinin tikilərək rayon gənclərinin istifadəsinə verilməsi həmin proqramın əsas bəndlərindən biridir. Daha sonra binada olan sərgi və foto-stendlər, lazımi avadanlıqlarla təchiz olunmuş otaqlar , klublar və onların təyinatı barədə qonaqlara ətraflı məlumat verildi, yeniyetmə və gənclərin əl işlərinə, çəkilmiş rəsmlərə baxış oldu.
Qonaqlar “Conversation club”da ingilis dilində keçirilən “Nə, Harada, Nə zaman” oyununun iştirakçıları ilə tanışlıqdan sonra görüşü rusdilli məktəblilərlə elektron kitabxanada davam etdirdilər. Gənclər Latviyalı qonaqlara Latviya təhsil sistemi, ali məktəblərə qəbul qaydaları, ölkələrindəki aparıcı təhsil ocaqları haqqında maraq dairələrinə daxil olan suallarla müraciət etdilər. Latviyanın Preyli diyar bələdiyyəsi ilə Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələr olduğunu nəzərə çatdıran məktəblilər iki bölgənin şagirdləri arasında təcrübə mübadiləsinin, turizm səfərlərinin mümkünlüyü barədə də suallar verdilər. Qarşılıqlı anlaşma və səmimi şəraitdə keçən görüşdən sonra qonaqların iştirakı ilə “Nə, Harada, Nə zaman” oyununun” qaliblərinə müvafiq dərəcəli diplomlar və medallar təqdim olundu.
Qonaqlar Gənclər evindən məmnun və xoş təəssüratlarla ayrıldılar.