Bakı. Samir Əli – Trend:
2015-ci ilin dekabr ayından Sabunçu rayonunun Nardaran qəsəbəsinin fasiləsiz olaraq təbii qaz, su və elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər aparılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında bildirib ki, 2015-ci ilin dekabr ayından qəsəbə ərazisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində işlər aparılır: “Görülən işlər nəticəsində Nardaran qəsəbəsində 2015 abonent su sayğacı ilə təmin edilib və həmin obyektlərə fasiləsiz içməli su verilib. Quraşdırılan sayğaclardan 2028-i smart tipli sayğaclardır”.
A.Cəbrayıllı bildirib ki, hazırda Nardaran qəsəbəsinə sutkada 6 500 kubmetr içməli su verilir: “Qəsəbənin abadlaşdırılması çərçivəsində Nardarana yeni magistral su xətti çəkilib. Magistral xətt istifadəyə veriləndən sonra qəsəbə tam olaraq içməli su ilə təmin olunacaq”.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildiriblər ki, son iki ildə Nardaran qəsəbəsinə müxtəlif diametrli 37 725 metr polietilen boru və müxtəlif diametrli 4628 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 15 ədəd qaztənzimləyici şkaf və 1213 ədəd qaz sayğacı quraşdırılıb. Hazırda qəsəbədə bütün yaşayış və qeyri-yaşayış obyektləri fasiləsiz qazla təmin edilib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Trend-ə açıqlamasında bildirib ki, 2015-ci ilin dekabr ayından sonra qəsəbədə 2859 abonent müəyyənləşdirilib: “Həmin vaxta qədər qəsəbədə abonentlərin köhnə sayğacları var idi və sayğaclarda ödənilməmiş borclar da qalmışdı. 2015-ci il dekabr ayından sonra həmin sayğaclar müasir tipli sms-sayğaclarla əvəz edilib və qəsəbə ərazisində 2859 sms-sayğac quraşdırılıb. Yeni quraşdırılmış sayğaclarda abonentlərin köhnə borcları göstərilməyib. Abonent əvvəlcədən istifadə edəcəyi elektrik enerjisinə görə imkanı daxilində pul ödəyir və ödədiyi məbləğə görə də elektrik enerjisi alır. Həmin aldığı enerji bitən kimi sayğac avtomatik dayanır”.
T.Mustafayev bildirib ki, qəsəbədə hətta tikilməkdə olan yaşayış və qeyri-yaşayış obyektləri də sms-sayğaclarla təchiz edilib.