...

IDEA-nın aktiv “Eko-skaut”ları növbəti mərhələyə keçiblər (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2017 17:38 (UTC +04:00)
IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.
IDEA-nın aktiv “Eko-skaut”ları növbəti mərhələyə keçiblər (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da xüsusi aktivlik göstərərək növbəti mərhələyə keçən eko-skautlara IDEA Heyvanlara Qayğı Mərkəzində sertifikatlar təqdim edilib.

Qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının ən aktiv üzvləri müvafiq balı toplayaraq ikinci mərhələyə keçib. Növbəti mərhələyə keçən eko-skautlar ətraf mühitin qorunmasında, təbiətə qarşı qayğıkeş münasibətdə, ekoloji problemlərin həlli yollarını axtarmaqda fəal iştiraklarına və layihənin ilk mərhələsini uğurla keçdiklərinə görə “Təbiətsevər” statusuna layiq görülüb və sertifikatla təltif ediliblər.

Ümumdünya ev heyvanları günündə təşkil edilən tədbir zamanı eko-skautlar üçün Mərkəzin ərazisində infotur keçirilib, onlar ev heyvanları üçün yaradılan şəraitlə və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Gənclərə ev heyvanları haqqında ətraflı məlumatlar verilib, sahibsiz heyvanlara diqqət və qayğı göstərməyin vacibliyi izah olunub. Daha sonra, eko-skautlar Mərkəzdə olan sahibsiz it və pişiklərlə əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda IDEA tərəfindən eko-skautlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Eko-skaut” layihəsinə martın 27-də start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planet üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skautlarına qoşulmaq istəyən təbiətsevər gənclər layihə haqqında http://www.ideacampaign.org/ecoscout/ saytına daxil olaraq ətraflı məlumat əldə edə bilər (tel.: 012 497 6316).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti