...

"Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2018 11:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına əsasən əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə tədbirlərinin davamı olaraq, Bakının Səbail rayonundakı 162 saylı məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məktəbin müəllim və yuxarı sinif şagirdlərinin, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsinin iştirakı ilə keçən tədbirdə Azərbaycan qanunvericiliyində uşaq əməyi ilə bağlı mütərəqqi beynəlxalq normalardan irəli gələn humanist yanaşmaların əksini tapdığı vurğulanıb. Bildirilib ki, milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir. Həmçinin 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağandır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də əmək müqaviləsinin bağlanıldığı şəxs 15 yaşdan aşağı yaşda olduqda, bunu avtomatik şəraitdə müəyyən edir və sistemdə hər hansı belə əmək müqaviləsinin qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi mümkün deyildir.

Seminarda 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək münasibətlərinin qurulmasının hüquqi əsasları, ölkəmizin Əmək Məcəlləsində bununla bağlı əksini tapan prinsiplər barədə məlumatlar verilib. Belə şəxslərlə əmək müqaviləsinin onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanılmalı olduğu diqqətə çatdırılıb. Həmçinin bu yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub. Onların əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və s. yeraltı işlərdə əmək fəaliyyətinə, habelə əxlaqi kamilliklərinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb olunmalarının da qanunla qadağan edildiyi bildirilib.

Tədbirdə uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həyata keçirdiyi tədbirlər, onların müsbət nəticələri də qeyd olunub. Seminar iştirakçıların suallarının cavablandırılması ilə davam edib və onlara müvafiq mövzuda maarifləndirici bukletlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti