...

Zakir Qaralov: Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcək

Cəmiyyət Materials 5 İyul 2018 04:26 (UTC +04:00)
Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcək.
Zakir Qaralov: Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcək

Bakı. Trend:

Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Trend-in məlumatına görə, bunu baş prokuroq Zakir Qaralov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.

Zakir Qaralov bildirib: “Möhtərəm cənab Prezident, baş vermiş qəza ilə bağlı verdiyiniz Sərəncamın 3-cü bəndinin icrasına uyğun olaraq cinayət işi qaldırılmışdır. Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə qaldırılmışdır. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılmışdır. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədlər götürülmüş və artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanılmışdır.

İclasdan əvvəl mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olmuşdur. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilmiş, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmamışdır. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır.

Digər vacib məsələ, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmamış, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmamışdır. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır. Siz tamamilə düzgün sual verdiniz ki, nə səbəbə görə bir elektrik stansiyasında baş vermiş qəza lokallaşmır, bütövlükdə bizim energetika sistemi çökür? Mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Yəni, bunu biz Sizə mütəxəssislərin əlavə rəylərini aldıqdan sonra təqdim edəcəyik. Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti