Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.
Trend-in məlumatına görə, sənədin imzalanmasında məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.
Əməkdaşlıq protokolu elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə də xidmət edəcək.
Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıb.