...

Sabah Azərbaycanda II Robot Olimpiadası keçiriləcək

Cəmiyyət Materials 5 Oktyabr 2018 12:47 (UTC +04:00)
Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçiriləcək.
Sabah Azərbaycanda II Robot Olimpiadası keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edəcək. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tailand Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 70-i keçib.

Ölkəmizdə gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində 7 oktyabr 2017-ci il tarixdə ilk dəfə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Robot Olimpiadası keçirilib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta Rikada keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edib və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Robot Olimpiadasının finalına qatılıb. İlk dəfə iştirak etmələrinə baxmayaraq gənclərimiz ölkəmizi layiqincə təmsil edib, komandalarımız 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, 2017-ci ilin sonunda Azərbaycan Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti