Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevin təqdimatında “Bozdan-rəngarəngə” mövzusunda təlim keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, təlimi Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatlarının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.
Z.Əliyeva qeyd edib ki, tələbələrin şəxsiyyət kimi formalaşması üçün mütəmadi olaraq sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla görüşlər keçirilir, seminar, təlim, bilik yarışmaları təşkil olunur.
Təlimçi Nəcəf Allahverdiyev “Bozdan-rəngarəngə” mövzusunda çıxış edərək inkişafın effektiv formulu, inkişaf zonaları, bədən dili, müxtəlif iş şəraitində və təqdimat zamanı streslərin idarə olunması haqqında məlumatlar açıqlayıb. O bildirib ki, təlimin əsas məqsədi gənclərə gözəl nitq bacarığının aşılanması, fərdi inkişaf, insanın özünü tanıması, nöqsanlarını aşkarlayıb müəyyən olunmuş hədəflərə uğurla çatması, məqsədə yaxınlaşdıran texnika və strategiyaları təbliğ etməkdir.
Təqdimatın hansı formada hazırlanması və təqdim edilməsinin önəmli olduğunu vurğulayan təlimçi bədən dilinin – mimika və jestlərdən istifadənin rolundan da bəhs edib.
İnstitut tələbələrinin qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.