...

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2018 19:37 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində (DGK) "Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi praktiki konfrans" başlayıb.

Komitədən Trend-ə verilən məlumata görə, konfransda DGK-nin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, aidiyyatı qurumların nümayəndələri, Rusiya Gömrük Akademiyasının prorektoru, Rostov filialının direktoru Pyotr Başlı, Rusiya Federal Gömrük Xidmətinin İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Ruslan Najimov, Özbəkistan Respublikası Gömrük Komitəsinin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Doniyor Maksumov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aydın İmaşov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müdavimləri iştirak ediblər.

Konfransda çıxış edən DGK-nin Akademiyasının rəis müavini Ramiz Hümbətov bildirib ki, Azərbaycan gömrüyü qısa zaman kəsiyində böyük inkişaf yolu keçib. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini deyən R.Hümbətov konfransın gömrük sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, işgüzar əlaqələrin qurulması, bilik və bacarıqların əldə edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında da ətraflı məlumat verən R.Hümbətov artıq bu təhsil müəssisəsinin ölkənin mühüm elm ocaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Konfransda müzakirə olunacaq məsələlərin gömrük xidmətləri üçün əhəmiyyətindən danışan Rusiya Gömrük Akademiyasının prorektoru Pyotr Başlı hazırda informasiya texnologiyalarının bütün gömrük xidmətlərinin fəaliyyətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb və qeyd edib ki, gələcəkdə informasiya texnologiyalarının tətbiqi ilə malların istehsalından satışına qədər baş verən proseslər izlənə biləcək və gömrük orqanları istər infrastruktur, istərsə də ixtisaslı kadrların hazırlanması baxımından buna hazır olmalıdırlar. Qonaq, eyni zamanda Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib və konfransın təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi istiqamətində uğurlu platforma olduğunu bildirib.

Daha sonra konfrans "Gömrük sferasında İKT", "Gömrük prosedurlarının idarə olunmasında İKT-nin rolu" adlı sessiyalarla davam edib. Sessiyalarda "Azərbaycan Respublikasında qabaqcıl texnologiyaların tətbiqi və gömrük sistemində İKT-nin tətbiqi ilə bağlı beynəlxalq təcrübə", "Rusiya Federasiyasının gömrük orqanlarında İKT-nin tətbiqi", "Özbəkistan Respublikasının gömrük orqanlarında İKT-nin tətbiqi:biznesə yardım üçün platforma", "Qazaxıstanın dövlət gəlirləri orqanlarında gömrük risklərinin idarəedilməsi sistemi", "Rusiya Gömrük Akademiyasında gömrük mütəxəssislərinin hazırlanması üçün innovativ informasiya texnologiyalarının tətbiqi" və digər mövzularda təqdimatlar keçirilib.

İki gün davam edəcək konfransın növbəti günündə tədbir iştirakçılarının DGK-nin Akademiyasında görüşü nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti