Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabinetindən (NK) ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərindən əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklifə münasibət bildirilib.
Trend-in məlumatına görə, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.
Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.
Qəzet kağızı və hazır çap məhsulları həmin siyahıya daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.
Qeyd edək ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları əvvəllər ƏDV-yə cəlb edilmirdi. Artıq bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb.