...

ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək

Cəmiyyət Materials 10 Aprel 2019 17:42 (UTC +04:00)
Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək

Bakı. Trend:

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, işçi dilləri Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq.

Konfransda açılış nitqi ilə ADU-nun rektoru akademik Kamal Abdulla çıxış edəcək.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik”, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyin Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad (Serbiya) Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında çıxış edəcəklər.

Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani, Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristopher Martinez Berroteran, Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo iştirak edəcəklər.

Qeyd edək ki, akademik Kamal Abdulla “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün təşkilat komitəsi yaradılıb. Daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmələri, onların elmi səviyyəsinə diqqət yetirmələri, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmələri, həmçinin konfrans zamanı seçilmiş, yüksək elmi tutumlu məruzələrin universitetdə nəşr olunan elmi jurnallarda dərc olunmasının tövsiyə edilməsi təşkilat komitəsinə tapşırılıb.

Rektorun sədri olduğu təşkilat komitəsinin sədr müavinləri ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti