Bakı. İlhamə İsabalayeva - Trend:
Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı heyvanlar quduzluğa qarşı peyvənd edilib və onlar üzərində müalicə işləri aparılıb.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Xidmətdən bildirilib ki, Xaçmaz rayonunun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun tövləsinə hücum edən canavarlar 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölmüş heyvanlar sahibkarın vəsaiti hesabına, müəyyən edilmiş ərazidə basdırılıb və ərazi dezinfeksiya edilib.