...

Bu gün IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçiriləcək

Cəmiyyət Materials 22 Sentyabr 2019 12:58 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransını (IAEA 2019) təşkil edəcək
Bu gün IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransını (IAEA 2019) təşkil edəcək. Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunur.

DİM-dən Trend-ə verilən məlumata görə, məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq.

Bu məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer və qiymətləndirmə sahəsində digər alimlərin, tədqiqatçıların, həmçinin yerli mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9:00-da "Fairmont Baku" otelində keçiriləcək. Daha sonra konfrans otelin müxtəlif zallarında bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalarabölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçirilək.

Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.

IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.

IAEA 2019-da Azərbaycanla birgə 55 ölkədən 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti