...

ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2019 18:32 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadağını diqqətə çatdırıb: “Bizim əziz tələbəmiz, ömrünü vətən yolunda fəda etmiş Ülvi Bünyadzadənin 50 yaşının tamam olacağı ildir. Amma Ülvi bu yaşına qədər yaşamadı və xatirələrə, insanların yaddaşına köçdü, onu tanıyanların və şəxsən tanımayanların yaddaşında yaşamağı başladı. Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Həqiqətən də insanlarda qəribə xüsusiyyət var. Onlar öz adlarını doğruldurlar. Ülvi həqiqətən də ülvi hisslərlə yaşayan, ülviliklə, təmizliklə dolu olan insan idi. Onun həmin qanlı yanvar günlərində şəhid olması, bəlkə də təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz onun şeirlərini, bədii yaradıcılığını öz universitetimizdə əbədiləşdirmək üçün bir sıra addımlar atmaq fikrindəyik, şeirlərini universitetdə tədris olunan bütün dillərə tərcümə etməyi düşünürük. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bötüvlükdə xalqımızın yaddaşında yaşayır. Mən inanıram ki, onun ruhu bu gün şaddır. Çünki Ülvinin arzuladığı Azərbaycan bu gün var. Ülvinin yolunda canını fəda etdiyi vətən bu gün var. Ülvinin getdiyi yolla addımlayan, gedə bilən yüzlərlə, minlərlə, on minlərlə gənclərimiz bu gün var. Bu gün Azərbaycanı öz layiqli, xoşbəxt gələcəyə aparan Prezidentimiz var. Bu gün Azərbaycanın öz yolu var”.

Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar: “Fəlsəfədə belə bir şey var ki, səni xatırlayan varsa, deməli, sağsan. Bunu hər dəfə oxuyanda ilk olaraq yadıma düşən Ülvi və onu xatırlayanlar olur. Bu il Ülvinin 50 yaşı olub. Qəribədir ki, onun doğum günü əvvəl ailə hadisəsi idisə, son 30 ildə daha böyük miqyasda qeyd olunur. Ülvinin muzeyi auditoriyaya köçürüləndən sonra belə hiss etdim ki, Ülvi muzey eksponatı deyil, Ülvi buranın tələbəsidir. Ülvi öyrənməyin hər zaman tərəfdarı idi. Əminəm ki, bu auditoriyada elə şeylər öyrədilir ki, Ülvi hələ də öyrənir. Bundan əlavə, Ülvi həm də öyrədir. Ülvi nümunəvi tələbə kimi kənarda durub. Şəhidlik həm qanla, həm də qələminlə olur. Əgər sən öz ömrünü xalqa həsr edirsənsə, deməli sən də şəhidsən. Ülvi şeirlərində dediklərini həm də qanı ilə sübut etdi. Mən həmişə bu universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizlərdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Bizim ailəmiz bu universitetdə hər zaman xoş, isti münasibət görüb. Ülvinin nəfəsini bu universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm”.

“525-ci qəzet”in redaktor müavini, tərcüməçi-publisist Seyfəddin Hüseynli, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Ülvi Bünyadzadənin bədii irsi, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti