...

İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur - BMT eksperti

Cəmiyyət Materials 24 Sentyabr 2019 12:51 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur, çünki dünyanın yoxsul əhalisinin 70 faizi qadınlardır.

Trend-in məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin gender üzrə eksperti Xalisə Şahverdiyeva "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda İstilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

Onun sözlərinə görə, dünyada da iqlim dəyişikliyinə ən çox məruz qalan sahələrdən olan kənd təsərrüfatı sahəsində çalışanların çoxu qadınlardır: "Məsələn, Afrikada kənd təsərrüfatı sahəsində çalışanların 90 faizi qadınlardır. Özbəkistanda ev təsərrüfatlarında su ehtiyaclarının təmini üçün su daşıyanların 70-75 faizi qadınlardır".

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanlar arasında qadınların 48 faiz təşkil etdiyini deyən X.Şahverdiyeva vurğulayıb ki, Azərbaycanda iqlim dəyişikliyinin gender baxımından təsiri ilə bağlı tədqiqat aparılmayıb. Buna görə də bununla bağlı rəsmi rəqəm söyləmək düzgün olmaz.

BMT eksperti qeyd edib ki, qadınlar iqlim dəyişikliyinə uyğunlaşma prosesində çox önəmli rol oynayırlar: "Amma Yaşıl İqlim Fondu hesab edir ki, qadın və kişilər bu uyğunlaşma prosesində bərabər iştirak etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti