Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərə müraciət edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 27-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün bu gün saat 10:00-dan 8 noyabr saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.