Bakı. Trend:
Dövlәt Miqrasiya Xidmәti və Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) ölkə nümayәndәliyinin birgә tәşkilatçılığı ilə 18 dekabr – Beynəlxalq Miqrant Günü ilə əlaqədar konfrans keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, həmçinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yanqın çıxış edərək ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsinin, bu sahədə inkişafa nail olunması məqsədilə çevik mexanizmlərin icra edilməsinin, bu prosesdə iştirakçılığın və kütləviliyin təmin olunmasının əhəmiyyətindən bəhs ediblər.
Ombudsman Səbinə Əliyeva müasir dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və inkişaf xüsusiyyətlərindən, o cümlədən Azərbaycanın bu sahədəki müsbət təcrübəsindən danışıb. S.Əliyeva ölkəmizdə Ombudsman institutunun miqrantların hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vərərək bildirib ki, bu əhali qrupunun vəziyyəti, ehtiyacları, problemləri və müraciətləri araşdırılaraq təhlil edilir, əldə olunan nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərilən xidmətlərin və məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluğunun təmin olunması ilə əlaqədar innovativ yanaşmalar tətbiq edilməklə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq davam etdirilir.
Bildirilib ki, ölkə daxilində olan miqrantlarla yanaşı, respublikamızın sərhədlərindən kənarda məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərin ombudsmanları, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələrindən geniş istifadə olunur. Ombudsman qeyd edib ki, xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli, qanuni miqrasiyanın təbliği məqsədilə mütəmadi olaraq yerlərdə görüş və məsləhətləşmələr keçirilir, qeyri-müəyyən vəziyyətdə yaşayan şəxslərin statusları leqallaşdırılır, bu istiqamətdə müvafiq addımlar atılır.
Ombudsman miqrantların hüquqlarının səmərəli müdafiəsi, onların linqvistik və mədəni müxtəlifliyə adaptasiyasının, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi üçün birgə - koordinasiyalı fəaliyyətin müstəsna əhəmiyyət kəsb etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Azərbaycan diasporu barədə çəkilmiş “Vətən uzaqda deyil” adlı film nümayiş etdirilib. Eyni zamanda, Qlobal Miqrasiya Film Festivalının təqdimatı, həmçinin festivaldan seçilmiş filmin nümayişi olub.