...

Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir (FOTO)

Cəmiyyət Materials 23 May 2020 10:17 (UTC +04:00)
Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunub.

Trend-in məlumatına görə, 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.

"Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu yarmarkaların fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunub. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunublar.

“Kənddən şəhərə” Ramazan yarmarkası saat 09:00-dan 19:00-a qədər aşağıdakı ünvanlarda baş tutacaq:

-Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

-Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

-Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti