Bakı. İlhamə İsabalayeva – Trend:
Qonşu Gürcüstan ərazisindən gələn Kür çayında suyun 25 faiz azalması, Azərbaycan ərazisindəki buzlaqların, eləcə də yağan qarın 2 dəfə azalması yağıntı və buzlaq suları ilə qidalanan çayların suyunun azalmasına səbəb olub.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, ölkədə quraqlıq səbəbindən suyu azalan çaylarımız çoxdur:
“Kürün sol qolları olan Göyçay, Ağsuçay, Pirsaat çay və s. çayların yuxarı axınlarında su olur. Amma bu çaylar Aran bölgəsinə yaxınlaşdıqca, onların aşağı axınlarında su olmur. Bunun iki səbəbi var. Bir səbəbi çayın özündə suyun həcminin azalmasıdır. Digər tərəfdən, bu çayların yuxarı axınlarda su suvarma üçün istifadə edildiyindən Aran bölgəsinə su az gəlir”.
M.Həsənov əlavə edib ki, Aran bölgəsinin əsas su mənbəyi Kür və Araz çayları olsa da, suvarmada əsasən, Yuxarı Şirvan, Yuxarı Qarabağ kimi kanallardan və onlardan ayrılan digər kanallardan istifadə edilir. Bu kanalların hər biri öz mənbəyini Mingəçevir Su Anbarından götürür:
“Mingəçevir Su anbarında da suyun miqdarı azalır. Nəzərə almaq lazımdır ki, Mingəçevir Su anbarında suyun səviyyəsi elə olmalıdır ki, o, həm elektrik stansiyasını işlədə bilsin, yəni onun müntəzəm işləməsini təmin etsin, həm də kanallara verilən suyun həcmi gözlənilsin”.