Bakı. İlhamə İsabalayeva- Trend:
Azərbaycanda məktəblilər arasında təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri ilə bağlı maarifləndirmə işləri aparılır.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, biologiya elmlər namizədi BDU-nun Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə Trend-ə bildirib ki, İyul ayından başlayaraq, BMT İP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə “Su ehtiyatlarının səmərəli istifadə yolları” mövzusunda vebinarlar keçirilir.
Avqust ayında da davam edəcək Onlayn tədbirin əsas məqsədi insan həyatı və sağlamlığı, xüsusilə də uşaqların həyatının və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, Azərbaycanda mövcud su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmək və maarifləndirmə işini təşkil etmək, eyni zamanda məktəblilərin, müəllimlərin və məktəbdənkənar müəssisəslərin müvafiq mövzularda bilik və bacarıqlarının təkmilləşdirilməkdİr.
O, vebinarların Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq keçirildiyini deyib.
F.Sultan-zadə xatırladıb ki, iyulun 23-də Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev giriş nitqində su təsərrüfatında mövcud olan problemlər və görüləcək işlər haqqında danışıb, infrastruktur layihələrin ardıcıl şəkildə icrasını vuğulayıb, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələrinin vəziyyətinin tamamilə müsbət tərəfə dəyişməsindən, içməli su və meliorasiya problemlərin həlli istiqamətində görülmüş işlərdən və su resurslarının ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına böyük təsirlərindən, içməli su və meliorasiya layihələrinin mövcud çatışmazlıqlarının bundan sonrakı illərdə aradan qaldırılmasından, vahid idarəetmə mexanizminin işlənib təqdim edilməsindən və ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planlarının icrasından bəhs edib.
F.Sultan-zadə qeyd edib ki, vebinarlar onlayn və canlı sosial şəbəkələrdə yayımlanır və maraqlanan uşaqlar qeydiyyatdan keçərək qoşula bilirlər. Vebinarda Bakı şəhəri və regionlar üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək rəhbərləri, ekoklub liderləri, valideynləri aktiv iştirak edir. Vebinarlar sosial şəbəkələrdə yayımlanıb və baxış sayı 4000-i ötüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair 2018-ci il tarixli Anlaşma Memorandumuna əsasan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən respublika üzrə təhsil müəssisələrinin ekoklublarında və UGİM-lərdə ekoloji təlimlərin elmi-praktiki mahiyyəti daha da genişləndirilmişdir və təlimlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə keçirilir. Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə ölkənin müxtəlif regionlarından olan məktəblilər ilə aksialar, dəyirmi masalar, duşərgilər keçirilir. Onların iqlim dəyişikliyi, ağaclara qulluq, yaşıllıqların artırılması, flora və faunanın qorunması, ətraf mühitin mühafizəsi, enerjiyə və suya qənaət və digər mövzularda böyük maraqla verdiyi sualları ETSN mütəxəssislərİ cavablandırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkili üçün Bakı şəhəri və regionlarda fəaliiyət göstərən uşaq-gənclər inkişafmərkəzlərində “Sudan səmərəli istifadə” haqqında proqram üzrə məktəblilərə və pedaqoji heyətə təlimlər keçirilir. Ekoklub üzvləri ekologiyanın əsaslarını öyrənməklə su resurslarının davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələnirlər.
Eyni zamanda 2016-cı ildən etibarən Bakı və regional ümumtəhsil müəssisələrində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində hər il “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi keçirilir. Layihənin əsas məqsədi məktəblilərin təbii ehtiyatların qənaətlə istifadəsi, həmçinin su ehtiyatlarının səmərəli istifadə problemlərinin həlli yollarının tapılması və içməli suya qənaət sahəsində təcrübənin, su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və təkliflərin artırılması, eyni zamanda ev şəraitində sudan qənaətlə istifadəyə dair ictimaiyyəti məlumatlandırmaqdır.