Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinin nümayəndələri üçün Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərarının icrasının təmin olunmasına dair videokonfrans keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə bildiriblər ki, videokonfransda “DAİR” Otellər və Restoranlar Assosiasiyasının əməkdaşları ilə yanaşı, ictimai iaşə sahəsində çalışan müxtəlif müəssisələrin nümayəndələri iştirak edib. Görüşdə vurğulanıb ki, Nazirlər Kabinetinin qərarının icrasında ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Qeyd edilib ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır.
Videokonfrans zamanı koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq və qüvvədə olan müştəri qəbulu normaları, qida qəbulu zallarında oturacaqların ara məsafəsi ilə bağlı məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.